“UNEC Extern”

Cəmiyyətin inkişafında təhsilin nəhayətsiz rol oynaması hamı tərəfindən aksioma kimi qəbul edilən həqiqətdir. Elə bu səbəbdəndir ki, dünyanın təhsil mütəxəssisləri təhsilin əlçatan olması baxımından yeni-yeni yollar axtarır. XX yüzilliyin sonunda belə innovasiyalardan biri kimi distant təhsil öz bənzərsiz işığı ilə təhsil məkanını nura qərq etdi.

 

Bu nur o qədər işıqlı oldu ki, dünyanın bir çox, xüsusən inkişaf etmiş ölkələri tərəddüd etmədən, bu nurdan öz xalqlarının  faydalanması üçün distant təhsili tətbiq etdilər. Diplomun deyil, bilik və bacarıqların əldə edilməsinin məqsəd olduğu müasir dövrdə distant təhsil öz aktuallığını daha da artırır.

 

İnformasiya texnologiyalarının inkişafi distant təhsilin reallaşmasını asanlaşdırır. Əlbəttə, distant təhsilin həyata keçirilməsində informasiya texnologiyaları zəruri olsa da, kafi deyil, bununla yanaşı elektron kitabxananın, zəruri metodiki materialların (proqramların, mühazirələrin, sillabusların və s.) olması vacibdir. 

 

Dəfələrlə qəzet və internet səhifələrindən əldə etdiyimiz məlumatlara əsasən Azərbaycan Dövlət İqtisad Universitetində dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Extern”in 2018-ci il noyabrın 1-də açılışı olub. Həmin dövrdən mərkəzdə distant təhsilə hazırlıq işlərinə başlanmışdır. Bu günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin bir qrupu İqtisad Universitetinin “UNEC Extern”in fəaliyyəti ilə tanış olmuşdur. Məlum olmuşdur ki, mərkəzdə distant təhsilə start verilmişdir.

 

Distant təhsil nəyə lazımdır?

 

Məlumdur ki, hər bir ölkədə orta təhsili bitirən bütün məzunlar ali təhsil ala bilmir, ali məktəblərin infrastrukturu hamının təhsil alması üçün hesablanmamışdır. Bütün dünyada bu, belədir, ölkəmizdə də tam orta təhsili bitirənlərin təxminən dörddə biri öz təhsilini ali məktəblərdə davam etdirə bilir. Lakin bu gün dünyada baş verən proseslər daha çox insanın ali təhsil almasını tələb edir. Təhsil insanın nəhayətsiz mədəni və intellektual imkanlarının pərvazlanması üçün meydan açır. Dünya təcrübəsi sübut edir ki, insanların mədəni və intellektual imkanları yüksək olduqca, bu, cəmiyyətin idarəedilməsində özünüidarə prinsipinin reallaşmasına, insanlarda milli-mənəvi və bəşəri dəyərlərə daha düzgün münasibətin formalaşmasına, dünyada baş verən proseslərdən baş açmağa, ölkəsinin, xalqının inkişafı üçün zəruri olan addımları inamla atmağa, inkişafin mahiyyətini dərk etməyə, ölkənin xoş gələcəyi haqqında və bu əsasda özünün və ailə üzvlərinin inkişafı haqqında düşünməyə imkan yaradır. Distant təhsil ali təhsilin kütləviliyini həyata keçirtmək imkanı verir.

 

Hər il müxtəlif sayda gənc hansısa səbəblərə görə ali təhsil almaqdan və ya yeni ixtisas almaq arzusunu reallaşdıra bilmir. Belə səbəblər kimi, ailənin maddi durumunun aşağı olmasını və bunun nəticəsində təhsil haqqını, kirayə haqqını, nəqliyyat xərclərini ödəməyə gücünün çatmamasını, sağlamlıq imkanlarının məhdud olmasını və s. göstərmək olar. Maraqlıdır ki, distant təhsil bu problemləri bu və ya digər formada asanlıqla həll edə bilir. Burada təhsil haqqı əyani və qiyabi təhsil forması ilə müqayisədə daha aşağı olur, kirayə haqqı, nəqliyyat xərcləri tələb olunmur, sağlamlıq imkanları məhdud olan insanlara təhsil almaq əlçatan olur. 

 

Müasir dövrdə təhsili informasiya-kommunikasiya texnologiyalarından  kənar təsəvvür etmək mümkün deyil. Müəllimlər bu gün “ağıllı lövhələrin”, kompüterlərin, internetin və s. müasir vasitələrin köməyi ilə dərslərini daha maraqlı qura bilirlər. Distant təhsil isə bu məsələləri daha da dərinləşdirir, təhsil sahəsində rəqəmsallaşmanın çəkisinin daha da artmasını tələb edir. Bu, ali təhsildə daha bir mütərəqqi dəyişikliyin həyata keçirilməsinə şərait yaradır.

 

Müasir təhsil sistemi tələbənin müstəqil fəaliyyətinin artmasına istiqamətlənmişdir.  Distant təhsil bütünlüklə tələbənin müstəqil fəaliyyətinə söykənir.

 

“UNEC Extern” mərkəzinin quruluşu və funksiyaları

 

Yuxarıda sadalanan məqsədlərin reallaşmasına xidmət etmək üçün yaradılan “UNEC Extern” mərkəzi ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Mərkəz 2 mərtəbəli binada yerləşir, burada 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağı fəaliyyət göstərir.

 

Binanın 1-ci mərtəbəsində iki mərkəz - Çağrı (“Call centre”) və Qəbul (“Reception”) mərkəzləri yerləşir. 

 

Çağrı mərkəzinin əməkdaşları aşağıdakı funksiyaları yerinə yetirirlər: - distant təhsillə bağlı daxil olan zənglərin cavablandırılması, telefonla müraciət edənlərin lazımi şöbələrlə əlaqələndirilməsi, zəng edənlərə baza məlumatlarının çatdırılması və s. Qəbul mərkəzinin əməkdaşları mərkəzə gələnlərin qarşılanması, ilkin məlumatların verilməsi, müəllimlərin auditoriyaya hazırlanması, onların dərs cədvəlinə uyğun olaraq studiyalara yönləndirilməsi və digər funksiyaları həyata keçirirlər.

 

“UNEC Extern”də auditoriyalar studiyalar adlanır, burada müəllimlər müəyyən cihazların və “ağıllı lövhə”nin köməyi ilə mövzunu izah edir, tələbələr müxtəlif məkanlarda müəllimə qulaq asır. Studiyaların sayı altıdır, onların tərtibatı və təchizatı inkişaf etmiş ölkə universitetlərinin analoji mərkəzlərinin təcrübəsinə əsaslanır və distant təhsilin fəlsəfəsinə uyğun qurulub.

 

Mərkəzin 2-ci mərtəbəsində ofislər yerləşir. Bu ofislərdə fəaliyyət göstərən əməkdaşlar distant təhsilin idarəedilməsi, tələbələrə yüksək keyfiyyətli təhsil xidməti göstərilməsinin təmin edilməsi, distant təhsilin aparılmasında bütün texniki məsələlərin diqqətdə saxlanılması, dərslərin videoyazılarının arxivləşdirilməsi, şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və digər işləri həyata keçirirlər.

 

Mərkəzdə tədrisin təşkili və proqram təminatı

 

Tədris aparılan studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Müəllim studiyada monitorda tələbələrini görür və eyni anda tələbələr də harada olmalarından asılı olmayaraq müəllimi görürlər və tədris prosesi başlayır. Tədris prosesi təkcə müəllimin mühazirə deməsi ilə yekunlaşmır, burada müasir texniki avadanlıqların köməyi ilə sual-cavabların, canlı debatların təşkili mümkündür.

 

Tələbələrə dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanı verilir.

 

Mərkəzdə hər bir studiyada eyni zamanda 1000 tələbəyə (altı studiyada birlikdə 6000 tələbəyə) müəllimlər tərəfindən təhsil vermək potensialı mövcuddur. Tədrisin səhər saat 8.00-dan axşam saat 20.20-yə qədər üç növbədə təşkil edildiyini nəzərə alsaq, gün ərzində 18000 tələbə təhsilə cəlb oluna bilir.  Hazırkı infrastruktur bu göstəricini artırmağa da qadirdir.

 

Mərkəzdə proqram təminatı da tələbələrin imkanları daxilində qurulub, onlar istənilən qurğulardan (Android, İOS, MAC OS, Windows) dərs prosesinə qoşulub və təqdim olunan bütün xidmətlərdən istifadə edə bilirlər. Tələbələrin qeydiyyatı, davamiyyəti, qiymətləndirilməsi və attestasiyası elektron universitet modeli olan “Eduman” proqramı tərəfindən aparılır.

 

Mərkəzdə elektron kitabxana tələbələrin ixtiyarına verilmişdir.

 

“UNEC Extern” - görülmüş işlər,  ilk uğurlar...

 

Mərkəzdə tədrisin təşkilindən əlavə müxtəlif işlər də həyata keçirilir. Onların bəzilərinə diqqət yetirək. Mərkəz:

 

  • - Bir sıra şirkətlər və qurumların müraciətləri əsasında orada çalışan əməkdaşlar üçün onlayn təlimlərin, sertifikat proqramlarının həyata keçirilməsində yaxından iştirak edir;
  • - Mərkəzdə distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı keçirilir;
  • - İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, Vergilər Nazirliyinin və UNEC-in dəstəyi ilə sahibkarlar, “Paşa Holdinq”in əməkdaşları üçün distant formada təlimlər keçirilib;
  • - 2019-2020-ci tədris ilinin I yarısında UNEC-də Heydər Əliyev Fondu tərəfindən  distant Çin dili kursları təşkil olunub. Dərslər həftədə 3 dəfə olmaqla, 2 qrup üzrə  keçirilib. 36 dərsdə tələbələrə Çin dilinin elementar mərhələsi tədris olunub. Yekunda 16 tələbə imtahanlardan uğurla keçərək sertifikata layiq görülüb.

 

Çin dili kursları ilə tanışlıq məqsədilə UNEC-də olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “UNEC Extern”də onlayn dərsləri izləyib. Onlayn olaraq keçirilən dərsdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı yaradılıb.

 

Epiloq əvəzi və ya distant təhsil yeni inkişaf mərhələsi kimi

 

Bu gün dünya böyük sürətlə IV sənaye inqilabına doğru irəliləyir, cəmiyyətin və  insanların həyat-fəaliyyətinin tamamilə yenilənməsinə istiqamətlənib, maraqlısı isə odur ki, bu yeniliklərin nədən ibarət olduğu hələ mücərrəddir, onu biz konkretləşdirməliyik. Hansı xalq bunu daha tez, daha düzgün edə biləcəksə, onun inkişafı sürətlənəcək, həyat tərzi firavanlaşacaq.  Mücərrəddən konkretə gerçəkliyi dərk etməyin, reallığı dərk etməyin yollarından biridir, bu, insandan təfəkkürün, təxəyyülün, intellektin inkişafını tələb edir, təhsilsiz isə bu, praktik olaraq mümkün deyil. Təhsilin əlçatanlığı bu səbəbdən bu gün aktual problem kimi səslənir, təhsil işçilərinin qarşısına təhsili inkişaf etdirmək, yeni təhsil formalarını tətbiq edərək, daha çox insanın daha keyfiyyətli təhsil almasına şərait yaratmağı tələb edir. Distant təhsil bu şəraitin yaradılmasında böyük imkanlara malikdir. Fikrimizcə, bu imkanları daha geniş miqyasda reallaşdırmaq xalqımızın inkişafında yeni keyfiyyət mərhələsinə çevrilə bilər. Bu yolda “UNEC Extern” mərkəzinin təcrübəsindən faydalanmaq olar.

 

Hikmət ƏLİZADƏ,

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, BDU-nun professoru

 

 



19.03.2020 | 16:28