Diqqət... “Dərs vaxtı”dır | |
Artıq bir neçə gündür ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir. Teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə də əldə edə bilərlər. Belə ki, yayımlanmış dərslərin videolarına müvafiq linklər vasitəsilə Təhsil Nazirliyinin videodərslər portalından (www.video.edu.az) baxa bilərlər.
Bəs, teledərslərin keçirilməsində daha çox nələrə diqqət yetirilir? Ümumiyyətlə, proses necə həyata keçirilir? Bütün bunları nəzərə alaraq teledərslərin hazırlandığı məktəbdə olduq. Prosesi yaxından izlədik, rəsmilərlə və müəllimlərlə söhbətləşdik.
“UNESCO-nun statistik məlumatına görə koronavirusla bağlı 290 milyondan çox şagird məktəbə getmir”
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bizimlə söhbətində bildirdi ki, teledərslərin keçirilməsi zərurəti məlum səbəblərdən buraxılan dərsləri kompensasiya etmək məqsədi daşıyır. Şöbə müdiri dünya təcrübəsində də belə uzunmüddətli karantin müddətində teledərslərin keçirilməsinin ən optimal çıxış yolu hesab olunduğunu dedi: “UNESCO-nun statistik məlumatına görə, koronavirusla bağlı 290 milyondan çox şagird məktəbə getmir. Ən qabaqcıl təcrübələrdə həmin şagirdlər teledərslər vasitəsilə prosesə cəlb olunur. Çünki bu gün televiziya bütün ölkələrdə ən əlçatan vasitədir. Bir çox ölkələrdə internet üzərindən online dərslər yayımlansa da, ucqar bölgələrdə yaşayan, inetrnetə birbaşa çıxışı olmayan və yaxud internet sürəti zəif olan yerləri də nəzərə alaraq dərslərin televiziya vasitəsilə keçirilməsini daha məqsədəuyğun hesab etmək olar”.
Nazirlik rəsmisi onu da qeyd etdi ki, müəllimlər teledərslərdə ən vacib bilikləri şagirdlərə ötürməyə çalışır. Real dərs rejimində şagirdin daha çox konstruktiv işlərlə məşğul olmaq, problemi dərindən araşdırmaq, suallar qoymaq imkanı var. Teledərslərdə isə əks əlaqənin olmaması səbəbdən birtərəfli məlumat ötürülür. Ona görə də bu məlumatların ən vacib hissələri diqqətə çatdırılır.
“İstər Azərbaycan, istər rus bölməsi üzrə bütün sinifləri əhatə etməyə çalışırıq”
Dərs proqramlarının kifayət qədər sıx olduğunu, lakin istər Azərbaycan, istər rus bölməsi üzrə bütün sinifləri əhatə etməyə çalışdıqlarını deyən V.Yaqublu buraxılmış dərslərin ardıcıllıqla keçirildiyini də sözlərinə əlavə etdi: “Burada diqqət etdiyimiz məqam fənlərin də bölgüsüdür. Elə fənlər var ki, ona həftədə 4 saat, elə fənn var ki, 2 saat ayrılır. Bu baxımdan həftəlik dərs yükü çox olan fənlərdə mövzuları birləşdirərək keçirilməsini təmin edirik. Əgər mövzu kifayət qədər dərin mövzudursa, ona ayrıca vaxt ayrılır. Obyektiv səbəblərdən daha çox üstünlük verilən fənlər və siniflər var. Məsələn, ibtidai siniflərə daha çox vaxt ayırırıq. Çunki onlarda müstəqil öyrənmək bacarıqları hələ formalaşmayıb və bu səbəbdən həftənin 4 gününü ibtidai siniflərə həsr etmişik. 5-11-ci sinif şagirdlərinə isə hər fənnin tədrisi üçün həftədə bir dəfə vaxt ayırırıq. Bu zaman dərslər birləşdirilir”.
Normalda tədris olunan fənlərin hər birinin teledərslərlə keçirilməsinin imkansız olduğunu da deyən şöbə müdiri onu da qeyd etdi ki, hazırda Azərbaycan bölməsində keçirilən 17 fənnin 8-i televiziya vasitəsilə tədris olunur.
Müəllimlərin aktivliyi və teledərslərin səmərəsi
Vəfa Yaqublu müəllimlərin karantin müddətindən başlayaraq xüsusi aktivlik göstərdiyini də bildirdi: “Onlar sosial şəbəkə və WhatsApp qruplarından istifadə etməklə şagirdlərə istiqamətlər və tapşırıqlar, onlarda yaranan suallara cavab verirlər. Bu müəllimlər tərəfindən çox yaxşı təşəbbüsdür və düşünürəm ki, hər vəchlə davam etdirilməlidir. Belə olan halda müəllimlərin aktivliyi və üstəgəl teledərslərin səmərəsi daha yüksək olacaq. Onu da nəzərə alaq ki, hazırda youtube-də də kifayət qədər öyrədici çarxlar, videolar var. Burada əsas məqam şagirdlərin aktivliyi və valideynlərin nəzarətidir”.
Vəfa Yaqublu teledərslərə start veriləndə tanınmış, titullu müəllimlərə müraciət etdiklərini, lakin buna baxmayaraq xeyli sayda müəllimin öz təşəbbüsləri ilə prosesə dəstək vermək istədiklərini də bildirdi: “Biz həmin müəllimlərə də bu dərslərdə iştirak etmək şəraiti yaratdıq. Müəllimlər teledərs vermədən öncə sınaqdan keçirilir və tələblərə cavab verən müəllimlərin dərsləri efirə buraxılır. Teledərslərin keçirilməsi düşünürəm ki, müəllimlər üçün həm də metodiki dəstəkdir. Müəllimlər və təhsil ictimaiyyəti bir məsələni də nəzərə almalıdır ki, teledərslər şagird komponenti olmadan keçirilir. Buna görə də bu dərslər müasir təlimin tələblərinə bəzi hallarda uyğun olmaya da bilər”.
Fürsətdən istifadə edib teledərs verən müəllimlərlə də söhbətləşdik.
“Çalışırıq ki, dərsin mahiyyətini ekran qarşısında oturan şagirdlərə izah edək”
Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Elməddin Quliyev bizimlə söhbətində 5, 9, 10, 11-ci siniflərdə Azərbaycan tarixi üzrə dərslər keçdiyini və dərslərin böyük məsuliyyət tələb etdiyini bildirib: “Boş sinifdə və kamera qarşısında dərs keçmək bir o qədər də asan deyil. Lakin biz müəllimlər öz dəstəyimizi bu kimi hallarda əsirgəməməli, məsuliyyətimizi dərk etməliyik. Ona görə də bizə ayrılan müddət ərzində dərsin mahiyyətini sistemli şəkildə ekran qarşısında oturan şagirdlərə izah etməyə çalışırıq”.
“Teledərslərə start verildiyini eşidəndə prosesə dəstək verməyi qərara aldım”
Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova da sinif üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənlərindən teledərslər keçdiyini bildirdi: “Nazirliyin teledərslərə start verdiyini eşidəndə prosesə dəstək verməyi qərara aldım və bu məqsədlə səlahiyyətli nümayəndələrə müraciət etdim. Böyük kütlə qarşısında dərs keçməyin məsuliyyətini dərk edirəm. Dərsləri müasir tələblərə uyğun qurmağa və tədris proqramını şagirdə mənimsətməyə çalışıram”.
Niyazi RƏHİMOV |
|
19.03.2020 | 14:03 | |
|
|
|