İmtahanlarda son 5 il ərzində davamlı müsbət dinamika müşahidə olunur | |
“Elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda onu görə bilərik ki, istər buraxılış, istərsə də qəbul imtahanlarında son 5 il ərzində davamlı müsbət dinamika müşahidə olunur. Bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir”. Bu fikirlər Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatdandır. Həmin məlumatda DİM təəssüflə qeyd edib ki, bir çox halda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar. DİM media qurumlarını tələbə qəbulunun elmi-statistik nəticələrinə peşəkar media güzgüsündə baxmağa çağırıb: “20 ildən artıqdır ki, çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsində tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili aparılır, təklif və tövsiyələr bildirilir. Təhlil elmi-statistik xarakter daşıdığından burada müzakirə obyekti daha çox aydın müqayisəli nəticələrə əsaslanmalı, konteksdən çıxarılmış statistikaya söykənməməlidir. Nəticələr ilk növbədə mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır”.
Qeyd edək ki, DİM imtahanların məzmununun açıqlığının təmin edilməsi, bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu gün yeni bir layihəyə start verib. Belə ki, DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə mayın 13-də keçirilən qəbul imtahanları ilə bağlı canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə ekspertlər tərəfindən cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək. İmtahanın məzmunu, test tapşırıqları və s. məsələlərlə maraqlanan media nümayəndələri, müəllimlər, ekspertlər, valideynlər, abituriyentlər yayımı izləyə və real vəziyyətlə tanış ola bilərlər.
|
|
15.05.2018 | 14:37 | |
|
|
|