Təhsil sistemi distant tədrisə keçir | |
Rusiyanın Maarif Nazirliyi ölkənin bütün regionlarına zərurət yarandığı hallarda uşaq bağçaları və məktəblərdə tədris prosesinin müvəqqəti olaraq distant təhsil formasına keçirilməsi üçün tövsiyələr göndərib.
"Uşaqların bilik əldə etməsini davam etdirmək üçün bütün imkanlarımız var", - deyə maarif naziri Sergey Kravtsov bildirib. O, ən yaxşı pedaqoji kollektivlərdən 120 mindən çox unikal tapşırıq və video dərsləri, hamı üçün əlçatan olan Rusiya Elektron Məktəbinin resurslarından istifadə etməyi təklif edib. Bundan başqa, onlayn-tədrisə irimiqyaslı keçid üzrə ayrı-ayrı regionların təcrübəsinə diqqət yetirilməsi də tövsiyə olunur.
"Mən bu vəziyyətdə problem və yeni imkanlar görürəm. Vəziyyət bizi distant təhsil istiqamətində sıçrayış etməyə məcbur edir. Əldə edəcəyimiz təcrübə bütün bu proseslərin uğurla başa çatmasından sonra da bizimlə qalacaq. İndi dünyada əvvəllər heç vaxt baş verməmiş hadisələr baş verir, heç kim doğru cavabları bilmir, çoxları həyəcan və ya qorxu yaşayır. Belə bir vaxtda xəbərlərə diqqət yetirməmək və işlə məşğul olmağa davam etmək çox vacibdir", - deyə Moskvadakı yerli məktəbin direktoru Kirill Medvedev bildirib.
"Müəllimlər yeni şəraitdə işləməyi öyrənməli olacaqlar, buna görə də bu gün onlayn təlimin tətbiqi mərhələsini keçmiş insanların təcrübəsi çox vacibdir. Biz artıq martın 17-də bu cür müəllimləri vebinara toplayırıq ki, onlar öz təcrübələrini həmkarları ilə bölüşsünlər", -deyə "Yaklass" onlayn şirkətin direktoru Roman Annin bildirib. Bu arada Rusiyanın Elm və Ali Təhsil Nazirliyi də ali məktəblərə koronavirusun yayılmasının profilaktikası üçün tələbələrin distant təhsilinin təşkil olunmasını tövsiyə edib. Bu barədə müvafiq əmri elm və ali təhsil naziri Valeri Falkov imzalayıb. " Martın 16-dan etibarən tələbələrin təhsillərini ali məktəblərin yerləşdiyi yerdən kənarda təşkil etmələri, o cümlədən elektron tədris və distant təhsil texnologiyalarının tətbiqi ilə təhsil proqramlarının mənimsənilməsini təmin etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilir. Nazirlikdə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə operativ qərargah yaradılıb. Qurumun rəsmi saytında martın 18-dən gec olmayaraq tələbələrin pulsuz istifadəsi üçün onlayn kursların siyahısı dərc ediləcək.
Oruc MUSTAFAYEV
|
|
16.03.2020 | 16:24 | |
|
|
|