Təhsil karantin dövründə | |
Dünyanı bürümüş koronovirus infeksiyası sərhədlər aşaraq bir çox ölkələri və təhsil sistemlərini cənginə almaqdadır. Artıq gündən-günə miqyası genişlənən infeksiyanın doğurduğu böhranlı vəziyyət cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsir göstərir.
Böhranlı vəziyyət ölkələrdən səfərbərlik və ehtiyat mexanizmlərinin işə salınmasını tələb edir ki, bu da dünyanın 4 qitəsində məktəblərin bağlanması ilə müşayiət olunur. Bir sıra Asiya ölkələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və s. ölkələrdə ən nüfuzlu universitet və məktəblərdə tədris dayandırılıb və onlayn təhsilin təbiqinə başlanılıb. ABŞ-ın nüfuzlu Harvard Universitetində distant təhsilin tətbiqinə qərar verilib. Tələbələrdən ali məktəbə gəlməmələri xahiş olunub. Corc Vaşinqton Universiteti isə bütün kampuslarında 3 həftəlik məşğələləri dayandırıb.
"Virusun yayılması ilə bağlı böyük narahatlıq var"
ABŞ-ın Durham Universitetinin hüquq professoru Tom Brodski "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirib ki, infeksiyanın daha da genişlnməsi ehtimalı mövcuddur: "Virusun yayılması ilə bağlı böyük narahatlıq var və biz daha az sayda əcnəbi tələbələrin ölkəyə səfər edəcəyini ehtimallaşdırırıq. Çində təhsil məzuniyyətində olan tələbələr geri qaytarılıb. Amma qalan hallarda universitetlərdə təhsil hər zamankı kimi davam edir və dərslər də normal gedir".
Tailandlı professor: Mən də karantindəyəm...
Tailandın Suan Sunandha Rajabhat Universitetinin professoru, "The EUrASEANs" jurnalının redaktoru Denis Uşakov isə " Covid-19" virusunin tələbə mobilliyinə təsiri ilə bağlı sualımızı belə cavablandırıb:
Digər ölkələrdən olan tələbələr təhsillərini davam etdirirlər. Tailandda koronovirus ilə bağlı vəziyyətin az-çox nəzarətdə olduğunu və epidemiya xarakteri daşımadığını nəzərə alsaq (58 yoluxma) əcnəbi tələbələr hələ kütləvi şəkildə ölkəni tərk etmirlər. Qeyd edim ki, professor - müəllim heyətinin xarici konfranslarda (xüsusilə Avropada) iştirakı ilə bağlı bütün planlar ləğv edilib və ya 2020-ci ilin payızına keçirilib.
"Bir sıra Moskva məktəblərində karantin elan edilib"
Moskvadakı 1409 nömrəli dövlət büdcə hesablı ümumtəhsil gimnaziyasının müəllimi, Dünya Müəllimi Mükafının (Global Teacher Prize) nominantı Nataliya Kiselyeva paytaxt məktəblərində koronovirusun yayılması ilə bağlı mövcud vəziyyət və təhlükəli infeksiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər barədə qəzetimizə belə deyib:
"Təlim distant formatda davam etdirilir"
N.Kiselyevanın sözlərinə görə, karantin tətil deyil, boş vaxt da deyil. Karantin kütləvi tədbirləri məhdudlaşdırır, lakin təhsil prosesini məhdudlaşdırmır. Təlim distant formatda davam etdirilir. Bundan ötrü Moskvada hər cür şərait yaradılıb. Tamamilə bütün məktəblərin, müəllimlərin, şagirdlərin və onların valideynlərinin qoşulduğu Moskva Elektron Məktəbi (MEM) sayəsində tədrisin fasiləsizliyi təmin olunur. N.Kiselyevanın sözlərinə görə elektron jurnal və gündəlik vasitəsi ilə şagirdlərə yerinə yetirəcəkləri tapşırıqlar göndərilir, müəllim mövzunun öyrənilməsi üçün lazım olan istənilən materialları, eləcə də MEM kitabxanasından (yeri gəlmişkən, bu resurs, ümumiyyətlə, təkcə moskvalılar üçün deyil, bütün arzuedənlər üçün açıqdır) hazır dərslərin ssenarilərini, öz tapşırıqlarını işləyib hazırlaya, video yaza və onları da şagirdlərinə göndərə bilər.
N.Kiselyeva qeyd edib ki, MEM-in kitabxanası hazırda bütün tədris fənləri üzrə 30 mindən çox dərs ssenarisi təşkil edir. Müəllimin qarşısında lazımi materialın seçilməsi və prosesin özünün təşkil etdilməsi vəzifəsi - tapşırıqların göndərilməsi və yerinə yetirilməsi cədvəli durur. Bu sistemin hələ beş il bundan əvvəl həyata keçirilməsinə başlanılıb, bu vaxt ərzində əhəmiyyətli dərəcədə müasirləşdirilib.
Bu aspektdə Moskva mövsümi karantinlər dövründə təlimin təşkilinə daha çox hazırdır.
Oruc MUSTAFAYEV |
|
12.03.2020 | 14:38 | |
|
|
|