ADNSU ilə “BOS Şelf” MMC-nin əməkdaşlığı tələbələrin təcrübə imkanlarını genişləndirir | |
“BOS Şelf” MMC-nin təşkilatçılığı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda bir neçə universitet rektoru ilə şirkət rəhbərliyi arasında işgüzar görüş keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin bir neçə əməkdaşı iştirak edib.
“BOS Şelf” MMC-nin direktoru İxtiyar Axundov bildirib ki, hazırda şirkətin fəaliyyətində tam müasir proqramlar icra olunur və zamanın tələbinə uyğun yenilikləri dəyərləndirməyə çalışırlar. O qeyd edib ki, ixtsaslı azərbaycanlı kadrların olması çox önəmlidir, odur ki, universitetlərlə əməkdaşlığa önəm verilir:” Azərbaycanlı mütəxəssislər çoxaldıqca “BOS Şelf” MMC və digər böyük şirkətlər mütəxəssis üçün xaricə müraciət etməyəcək və yerli kadrlara üstünlük verəcək”.
İ.Axundov ADNSU-nun hazırda istehsalat təcrübəsi keçən 10 tələbəsindən də bəhs edib, onların savadlı və hazırlıqlı gənclər olduğunu deyib. Qeyd edib ki, tələbələrin yüksək səviyyədə təcrübə keçməsi üçün şirkətdə hər cür imkan yaradılıb.
ADNSU-nun rektoru M.Babanlı rəhbərlik etdiyi universitetdə tədris və təhsilin müasir çağrışlara, zamanın tələbinə uyğun təşkil olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, bu gün ölkəmizin iqtisadiyyatı çoxşaxəlidir və yüksək sürətlə inkişaf edir. Ona görə də təhsil müəssisələri iqtisadiyyatın bütün sahələri üçün lazım olan kadrların vaxtında yetişdirilməsini təmin etməlidir:” Əlbəttə, savadlı mütəxəssis, bacarıqlı mühəndis yetişdirmək üçün təkcə baza təhsili kifayət etmir, istehsalat müəssisələri ilə universitetlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmalıdır, tələbə universiteti bitirənə kimi həm nəzəri, həm də praktiki olaraq ixtisasına tam sahib olmalıdır”.
Sonda M.Babanlı şirkətdə təcrübə keçən ADNSU tələbələri ilə həmsöhbət olub, təcrübə prosesində onlara uğurlar arzulayıb. |
|
10.03.2020 | 18:15 | |
|
|
|