Universitetdə riyaziyyat müəllimlərinin forumu

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə riyaziyyat müəllimlərinin forumu keçirilib. 150-dək riyaziyyat müəlliminin qatıldığı forumda riyaziyyatın aktual məsələləri müzakirə edilib.

 

Universitetdən  bildiriblər ki, forumun açılışında çıxış edən rektor, professor Andris Leitas rəhbərlik etdiyi ali məktəb barədə qonaqlara məlumat verib. Bildirilib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Hazırda məktəblilərin də iştirakı ilə komandalar burada bir sıra layihələr üzərində işləyir. Bu layihələrdən biri Təhsil Nazirliyinin keçirdiyi “Elektron təhsil” respublika müsabiqəsində birinci yerə layiq görülüb, daha sonra isə Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb. Forumda Qərbi Kaspi Universitetinin müəllimləri fizika üzrə fəlsəfə doktoru Svetlana Quliyevanın “Müasir elmin inkişafında Lütfi Zadə nəzəriyyələri: qeyri-səlis məntiq nəzəriyyəsi və onun tətbiq sahələri”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Həsənovanın “Ehtimal nəzəriyyəsi və riyazi tətbiqi aspektləri” mövzusunda məruzələri dinlənilib.

 

Daha sonra müəllimlər universitetin yeni qurulmuş laboratoriya və mərkəzləri ilə tanış olublar. Məlumat verilib ki, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi müasir və unikal laboratoriya və qurğularla təchiz edilib, burada praktik məşğələlərin keçirilməsi, layihələrin hazırlanması və sınaqdan çıxarılması üçün hər cür şərait yaradılıb.

 

Qeyd edək ki, forumun keçirilməsinin məqsədi orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi aparmaq, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verməkdir.

 

Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunub.

 



14.05.2018 | 18:13