Cenevrə Universiteti ilə BDU arasında birgə əməkdaşlığın perspektivləri | |
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar mərkəzində Cenevrə və Həştərxan universitetlərinin müştərək layihəsi olan “Dayanıqlı su ehtiyatları üzrə təhsil şəbəkəsi”nin ekspertləri ilə elmi seminar keçirilib.
Mərkəzin direktoru Mustafa Muradov seminarın keçirilmə məqsədinin su ehtiyatlarının monitorinqi və idarə olunması, kəmiyyət və keyfiyyət göstəricilərinin təhlili, müasir dəyişmələri, BDU-da bu istiqamətdə görülən işlər barəsində fikir mübadiləsi aparmaq olduğunu vurğulayıb.
Su sistemlərindəki çirkləndiricilərin spesifikasına diqqət çəkən şəbəkənin rusiyalı direktoru, Həştərxan Universitetinin professoru Mixail Yeqorov “Su ehtiyatları üzrə təhsil şəbəkəsi”nin yaranma səbəblərindən, şəbəkənin bu günə qədər həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, ekologiya, biomüxtəliflik və Xəzər dənizi hövzəsinin su ehtiyatlarına ətraf mühitin potensial təsir dairəsinin araşdırılması təhsil şəbəkəsinin əsas fəaliyyət istiqamətlərindəndir.
Su mikroorqanizmləri üzrə ekspert, Cenevrə Universitetinin professoru Vera Slaveykova “Dayanıqlı su ehtiyatları üzrə təhsil şəbəkəsi” (“Educational network for sustainable water resources”) mövzusunda təqdimatla çıxış edib. O, molekulyar ekotoksikologiya, su bioehtiyatlarının, balıqların, yosunların sənaye miqyasında yetişdirilməsi, akvakultura sahəsində müasir texnologiyaların tətbiq olunması və əldə olunan nəticələrin tədrisi kimi məsələlərə aydınlıq gətirib. Qeyd edib ki, təbii suların əsas çirklənmə mənbələri sənaye və kommunal çirkab suları, radioaktiv tullantılar, istilik və atom elektrik stansiyalarının isti suları və atmosferdir.
Görüşün sonunda birgə qrant layihələrinin həyata keçirilməsi, yay məktəblərinin təşkil olunması və nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin hazırlanması üçün Cenevrə Universiteti ilə BDU arasında birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
|
|
07.03.2020 | 09:38 | |
|
|
|