Həyatının uğur salnaməsini yazan gənclər

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də “2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib.  Həyatının uğur salnaməsini yazan gəncləri oxucularımıza təqdim edirik.

 

“Biz gənclərə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”

 

Sabir Rüstəmov, “Gənclərin Bakı Klubu” İctimai Birliyinin sədri: - 1997-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olub. İlk orta təhsilini 2004-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində 50 nömrəli liseydə alıb.  8-ci sinifdən təhsilini Bakıdakı 200 nömrəli tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Politologiya” ixtisasına qəbul olub. 2016-cı ildə Moskva şəhərində gənclər arasında əməkdaşlığın və ictimai diplomatiyanın inkişafı istiqamətində “İctimai Diplomatiya Korpusu” adı altında keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər, İdman və Gənclər nazirliklərinin dəstəyi ilə “Gənc Elçilər proqramı” layihəsini uğurla bitirib. 2017-ci ildə Soçidə “Dünya tələbələr və gənclər” festivalında iştirak edib. 2015-2017-ci illərdə Azərbaycanı bir sıra ölkələrdə beynəlxalq konfrans və forumlarda  təmsil edib.  2017-ci ildə “ASAN xidmət”də təcrübə proqramında 1-ci dərəcə üzrə sertifikat alıb. 2018-ci ilin mart ayında Rusiyada “Gənc liderlərin forumu”nda Azərbaycanı təmsil edib. 2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına, 2018-ci ilin dekabrında isə Bakı Dövlət Universitetinin “İlin tələbəsi” adına layiq görülüb. 2018-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə Heyətinin üzvüdür. Hazırda Çinın Zhengzhou Universitetində Çin dili üzrə təhsil alır.

 

- İlk növbədə biz gənclərə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Bu ali mükafatı böyük fəxr və qürur hissi ilə daşımaqla, Azərbaycanımız üçün bundan sonra da faydalı olacağıma əmin etmək istərdim. Bu mükafatı Azərbaycan gəncliyinin bugünkü fəaliyyətinə verilən qiymət və gəncliyə göstərilən etimadın bir təntənəsi kimi qeyd etmək istərdim. Bu, eyni zamanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Çox sevinirəm ki, bu prosesdə, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətdə iştirak edib fəaliyyətimlə fayda vermək fürsəti əldə etmişəm. Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatında, dövlətimizin beynəlxalq imicinin daha da möhkəmlənməsində yaxından iştirak edirlər. Ölkəmizin daha da inkişafı naminə bütün elmi və intellektual bacarığımızı sərf etməyə hər zaman hazır olduğumuzu qeyd etmək istərdim.

 

“Mükafata layiq görülmək mənim üçün çox qürurvericidir”

 

Mətanət Quliyeva, “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri: - 1997-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Tofiq Cəfərov adına kənd tam orta məktəbini bitirib. 2015-2018-ci illərdə Gəncə Dövlət Regional Kollecinin “Təsviri incəsənət müəllimliyi” ixtisasında təhsil alıb. Elə həmin ildə Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən yaradıcılıq fakültəsinə qəbul olub. 2015-ci ildə “Kəpənəyin saldığı yol” adlı ilk şeirlər kitabı işıq üzü görüb. 2017-2018-ci illərdə  paralimpiya ailəsinə qoşularaq Boccia idman növü ilə məşğul olmağa başlayıb və BC -1 kateqoriyası Kuboku qazanıb. 2016-2018-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqədə iki dəfə “İlin gənci” adına layiq görülüb. 2018-ci ilin dekabr ayında “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyini yaradıb. 2019-cu ilin dekabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların VIII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi”ndə iştirak edərək, “Bədii qiraət” nominasiyası üzrə I yerin qalibi  olub. 2019-cu ildə keçirilən “V Seni Cup” turnirində birinci yeri qazanıb.

 

 

- Gənclər üçün Prezident mükafatına layiq görülməyim barədə xəbəri müalicə aldığım xəstəxanada aldım. Mükafata layiq görüldüyümə görə çox sevincli, qürurluyam. Bu, mənim üçün bir mənəvi məlhəm oldu. Əməyimi, fəaliyyətimi dəyərləndirdiyi və qiymətləndirdiyi üçün cənab Prezidentimizə təşəkkür edirəm. Cənab Prezidentimizin sərəncamı ilə bu mükafata layiq görülmək mənim üçün çox qürurvericidir. Mən hesab edirəm ki, bu uğur eyni zamanda bizim gəncliyimizin uğurudur.

 

“Hər zaman dövlətimizin dəstəyini hiss etmişəm”

 

 

Günay Kazımzadə, Almaniyanın Berlin Texniki Universitetinin doktorantı: - 1991-ci ildə Bakıda anadan olub. 2008-2012-ci illərdə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2014-cü illərdə magistratura təhsilini “Kompüter elmləri” ixtisası üzrə Almaniyanın Bonn Universitetində alıb. 2018-ci ildən Almaniyanın Berlin Texniki Universitetinin süni intellekt üzrə doktorantı, Alman İnternet İnstitutunun tədqiqatçısıdır. O, TEDx-də süni intellekt mövzusunda çıxış edən və “Google” şirkətinin təqaüdünü qazanan ilk azərbaycanlıdır. Azərbaycanda “TechCentrum” Sosial Platformasının yaradıcısıdır, bir çox şirkətin İT üzrə tələbə təqaüdlərinin qalibi olub.

 

- 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülməyimdən çox qürurlandım. Hər zaman Prezidentimizin, dövlətimizin dəstəyini hiss etmişəm və  bu, məni daha çox çalışmağa sövq edib. Bu mükafatı böyük məsuliyyət və öhdəlik olaraq dəyərləndirirəm, bundan sonra daha çox çalışıb ölkəm üçün faydalı bir gənc olmağa səy göstərəcəm.

 

 

“Bu hissləri mənə yaşadan hər kəsə təşəkkür edirəm”

 

 

Ziya Ağayev, ADMİU-nun SABAH qrupunun tələbəsi: - 1991-ci ildə Ağdamın Muradbəyli kəndində anadan olub. 2009-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alıb. Hazırda universitetin “Dram teatr və kino aktyoru” fakültəsinin IV kurs tələbəsidir. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi “Sus” qısametrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenarisi üzrə hazırlanan “Qurbağa” adlı qısametrajlı bədii filmə dəvət alıb. “Arzuların ardınca” tammetrajlı bədii filmdə əsas obraza çəkilib. Aktyorluq  fəaliyyətində öncə “Səda” Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Bir müddət “Yuğ” Dövlət Teatrının nəzdində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Əməkdar artist Vidadi Həsənovun yaratdığı “M-Teatr”da fəaliyyətini davam etdirib. 2017-ci ildə yaradılmış müstəqil “Human” Teatrında çalışıb. Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və orada bir neçə tamaşada rol alıb. Tələbə olaraq iki teatrın aktyorudur. “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə keçirilən “Bir günəş altında” layihəsinin iştirakçısı olub. 2019-cu ilin mart ayında ADMİU-nun SABAH qruplarının tərkibində Moskva şəhərində keçirilən “QİTİS-Master klass” adlı festivalda V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası ilə çıxış edib. Tamaşada Otello rolunu ifa edən ən yaxşı aktyor nominasiyası üzrə birinci yerə layiq görülüb. Həmin ilin 11-15 noyabr tarixlərində Rusiyada keçirilən 39-cu Beynəlxalq Tələbə Festivalında həmin tamaşada eyni  rolla “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafatı qazanıb.

 

- Gənclər üçün Prezident mükafatına layiq görülməyimdən xəbərim olmadı, həmin gün universitetdə, tamaşada idim. Tamaşa bitən kimi, ilk növbədə, müəllimimiz, SABAH qrupunun rəhbəri Böyükxanım Məmmədbəyova, daha sonra isə rektorumuz və nazir Əbülfəs Qarayev məni təbrik etdilər. Müəllimimiz Böyükxanım Məmmədbəyovanın sevinci isə mənim üçün ən böyük hədiyyə idi. Tamasa zamanı aktyor hansısa bir məqama ucalır, bitdikdə isə oradan ehmalca enir. Bu mükafat isə mənim o məqamda daha uzun müddət qalmağıma kömək oldu. Bu hissləri mənə yaşadan hər kəsə təşəkkür edirəm.

 

“Bu mükafat həm də böyük bir məsuliyyətdir”

 

Murad Ağazadə, Fizika-riyaziyyat və informatika təmayüllü  Respublika liseyinin XI sinif şagirdi: - 2002-ci il 28 yanvar tarixində Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 2009-cu ildə 220 nömrəli tam orta məktəbin I sinfinə gedib.  VIII sinifdən etibarən Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alır. VII sinifdən riyaziyyat üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Respublika fənn olimpiadalarında 4 qızıl medal qazanıb. 13 beynəlxalq yarışda iştirak edib, 5 gümüş, 6 bürünc medala layiq görülüb. Beynəlxalq Meqapolislər Olimpiadasının (2017) bürünc, (2018 və 2019) gümüş,  Beynəlxalq Jautikov Olimpiadasının (2019 və 2020) gümüş, Balkan Riyaziyyat Olimpiadasının (2017, 2018) bürünc, (2019) gümüş, Qafqaz Riyaziyyat Olimpiadasının (2019)  bürünc, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasının (2017) bürünc, Beynəlxalq Riyaziyyat Olimpiadasının (2019) bürünc medalçısıdır.

 

- Gənclər üçün Prezident mükafatına layiq görüldüyümə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Hər dəfə olimpiadaya gedəndə ölkəmizi təmsil etməkdən qürur duyuram. Mən çox şadam ki, bu gün Azərbaycan gəncinin nümayəndəsiyəm. Bu mükafat həm də böyük bir məsuliyyətdir. Ümid edirəm ki, gələcəkdə bu etimadı doğruldub Azərbaycanı beynəlxalq arenada daha uğurla təmsil edərəm.

 

“Adımı ilk dəfə mükafatçılar sırasında görəndə çox sevindim”

 

Elmar Əsgərzadə, “ThermoNorth” startapının təsisçisi: - 1995-ci ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 2013-cü ildə orta məktəbi əla qiymətlərlə bitirərək 642 balla Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbul olunub. 2-ci kursdan elmi tədqiqatlara başlayıb, enerji materiallarını və onların tətbiq sahələrini araşdırıb. 2017-ci ildə elmi tədqiqatın biznes potensialını nəzərə alaraq “ThermoNorth” startapını yaradıb. 2019-cu ildə Bakı Ali Neft Məktəbindən məzun olub. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Polimer kompozisiya materiallarının emalı mühəndisliyi” ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. 2019-cu ildə ABŞ  Dövlət Departamenti tərəfindən dünya üzrə seçilən elmə və texnologiyaya əsaslanan 26 startap təsisçisindən biri kimi Hyuston və Vaşinqton şəhərlərində 6 həftəlik biznes inkubasiya proqramına qəbul olunub. İxtirası üzrə Amerikada patent alıb və “ThermoNorth” şirkəti ABŞ-da qeydiyyatdan keçib. Hazırda “ThermoNorth” startapının Azərbaycanda şirkət kimi formalaşması üçün çalışır. 

 

- Görülən işin  dövlət səviyyəsində yüksək dəyərləndirilməsi üçün çox şadam və buna görə gələcəkdə innovasiya sahəsində daha həvəslə çalışacağıma, daha böyük uğurlara çatacağıma inanıram. Düzü, adımı ilk dəfə mükafatçılar sırasında görəndə çox sevindim. Şirkətin digər təsisçisi Hüseyn Əliyev ilə startapın inkişafı üçün növbəti addımlar haqqında danışırdıq və təsadüfən səhifələrin birində öz adımı Prezident mükafatçıları arasında görəndə fərəh hissi keçirdim. İlk dəfə Azərbaycanda innovasiya üzrə Prezident mükafatı təsis olunub və ilk mükafata layiq görülənlərdən biri mən oldum. İndiyə kimi çoxlu sayda mükafat almağıma baxmayaraq bu mükafat dövlət səviyyəsindədir və bu da insanı qürurlandırır.

 

“Dövlətimiz qarşısında öz məsuliyyətimizi dərk edirik”

 

Faiq Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri: - 10 oktyabr 1996-cı ildə Gəncə şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri 6 nömrəli  məktəb-liseyi bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsində təhsil alıb, “Fəxri məzun” adına layiq görülüb. 2013-cü ildən ADU-nun Tələbə Gənclər Təşkilatında (TGT) fakültə sədri, klub sədri, icraçı-müavin, daha sonra  TGT-nin sədri vəzifələrində çalışıb.

 

2014-cü ilin oktyabr - 2015-ci ilin iyun tarixlərində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində protokol mütəxəssisi, daha sonra protokol meneceri, 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsində Protokol xidmətinin əməkdaşı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin Protokol Departamentinin mütəxəssisi vəzifələrində çalışıb.

 

2017-ci ilin iyulunda Avropa Gənclər Kartı Assosiasiyasının Serbiyada keçirilən Baş Assambleyasında 9 nəfərdən ibarət idarə heyətinin ilk azərbaycanlı və ən gənc üzvü seçilib.   2017-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru vəzifəsini icra edib. 2018-ci ilin martından etibarən “EKSPO 2025 Bakı” Əməliyyat Komitəsində gənclərdən ibarət “Qrup 25”in rəhbəri vəzifəsində işləyib. 2017-ci ildən ADA Universitetinin “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir.

 

- Bütün tələbələr və Tələbə Gənclər Təşkilatları adından cənab Prezident İlham Əliyevə göstərdiyi daimi diqqət və etimada görə dərin təşəkkürümüzü bildirirəm. Bu mükafatı tək mənim deyil, bütün tələbə hərəkatının və xüsusilə də, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməyinin qiymətləndirilməsi kimi qəbul edirəm.

 

Ölkəmizin bütün vətəndaşları kimi biz gənclər və tələbələr də dövlətimiz tərəfindən aparılan uğurlu siyasətin təsirini hər gün öz üzərimizdə hiss edirik. Həm təhsil, həm də ictimai fəaliyyət sahəsində gənclər üçün yaradılan şərait və imkanlardan maksimal dərəcədə yararlanaraq, ölkəmiz üçün layiqli vətəndaş olmaq məqsədilə daim öz üzərimizdə işləyir, dövlətimiz qarşısında öz məsuliyyətimizi dərk edirik. Azərbaycan gənci olaraq bu proseslərin bir tərkib hissəsi olmağımızdan çox böyük qürur duyuruq.

 

Sərvinaz Hacıyeva, Bakı Dövlət Universitetinin dissertantı: -  2 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 27 nömrəli tam orta məktəbi bitirib.  2011-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsində təhsil alıb.  2013-cü ildə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin konfransında 1-ci yerə layiq görülüb. 2016-2018-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində magistratura pilləsində təhsil alıb. 2019-cu ildən  üzvi kimya ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirir. Hazırda kimya fakültəsinin “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışır. İki dəfə Erasmus+ layihəsi çərçivəsində təhsil və elmi-tədqiqat məqsədli tələbə mübadilə qrantlarının qalibi olub. 7 məqaləsi “Web of Science” bazasına daxil olub. 2019-cu ildə keçirilən “İdeya var!” startap müsabiqəsində 3-cü yeri tutub. 

 

 

 

 

Məhərrəm Hüseynov, La Skala Akademiyasının məzunu və solisti: - Bakıda Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbini bitirib. Çoxsaylı müsabiqələrin laureatıdır, Qalina Vişnevskayadan (Rusiya) və Tom Krausdan (Finlandiya) ustad dərsləri almaq üçün dəvət alıb. 2011-ci ildə Ukraynanın Odessa şəhərində ənənəvi olaraq keçirilən 9-cu Beynəlxalq “Sozvezdie - 2011” yeniyetmələrin musiqi müsabiqəsində uğur qazanıb, qızıl medal və diplomla mükafatlandırılıb.  İtaliyanın  Özimo Akademiyasında və La Skala Teatr Akademiyasında təhsil alıb. 2011-ci ildə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. İtaliyanın La Skala opera teatrının səhnəsində Luici Kərubininin “Əli Baba və 40 quldur” operasında uğurla debüt edib. Bir çox tamaşalarda və dünyanın müxtəlif ölkələrində opera səhnələrində çıxış edib.

 

 

 

 

 

Kənan İbrahimov, Şəmkir Gənclərin İnkişaf və Karyera mərkəzinin direktoru: - 3 iyun 1992-ci ildə Gəncə şəhərində anadan olub. 4 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri, Şəmkir Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifələrində çalışıb.  Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin direktorudur.  2017-ci ildə Şəmkir rayonunda “İlin gənci” seçilib.

 

 

 

 

 

Oruc MUSTAFAYEV



06.03.2020 | 14:26