AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

 

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı ilə bağlı məlumat verib. Kitabın ideyası, məzmunu, strukturu, redaksiya və müəlliflər heyəti haqqında geniş müzakirə aparıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə akademik R.Mehdiyev nəzərdə tutulan çoxcildliyin baş redaktoru və 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.

 

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın 75 illik yubileyi ilə bağlı Tədbirlər planı haqqında olub. AMEA-nın akademik-katibi Əminağa Sadıqov bildirib ki, Tədbirlər planı AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələri tərəfindən təqdim edilən təkliflər əsasında hazırlanıb. Tədbirlər planı və onun icrasından irəli gələn məsələlər geniş  müzakirədən sonra müvafiq qərar qəbul edilib.

 

Daha sonra “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın  icrası ilə bağlı Tədbirlər planı haqqında danışan Ə.Sadıqov proqramın əsas məqsədlərindən söz açıb. Proqramın mövcud elmi-texniki potensialın qorunması, inkişaf etdirilməsi, elmin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi kimi məqsədləri özündə ehtiva etdiyini bildirib. Tədbirlər planı geniş müzakirədən sonra təsdiq edilib.

 

İclasın gündəliyində duran növbəti məsələ yubileylərlə əlaqədar olub. Belə ki, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150, akademik Adil Qəribov və AMEA-nın  müxbir  üzvü  Əbülfəz Quliyevin 70, həmçinin SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun 120 illik yubileylərinin keçirilməsi qərara alınıb.

 

Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ- AMEA-nın Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova danışıb, məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

 

İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.

 

Digər məsələlərin müzakirəsindən sonra iclas öz işini yekunlaşdırıb.



05.03.2020 | 12:33