Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı | |
Azərbaycan Milli Elmlər Akademiyasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub.
Beynəlxalq konfransda AMEA-nın rəhbərliyi, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 12 ölkədən 300-dən çox gənc alim iştirak edib.
AMEA-nın akademik-katibi Əminağa Sadıqov tədbir iştirakçılarına son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, onların inkişafı ilə bağlı qəbul edilən qərarlardan, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb. 2011-ci ildə AMEA ilə ARDNŞ arasında memorandumun imzalandığını xatırladan Ə.Sadıqov sözügedən sənəddən irəli gələrək Elm Fondunun yaradıldığı, ötən müddət ərzində təşkilat tərəfindən beş müsabiqənin keçirildiyi və 160-a yaxın layihənin maliyyələşdirildiyini diqqətə çatdırıb.
Fundamental və tətbiqi elmlərin müasir problemlərinə də toxunan Ə.Sadıqov müasir dövrdə multidissiplinar yanaşmaların ciddi elmi nəticələrin əldə edilməsində mühüm rol oynadığını deyib. Bir neçə sahəni əhatə edən alimlər qrupu tərəfindən aparılan tədqiqatların zəruriliyindən danışıb.
ARDNŞ-in Elm və texnika şöbəsinin müdiri, texnika elmləri doktoru Nazim Vəliyev şirkət tərəfindən böyük həcmdə elmi-tədqiqat və layihə işlərinin yerinə yetirildiyi, kadr hazırlığına xüsusi önəm verildiyi və bunun davamı olaraq beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları ilə təmin olunan Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycanda elmin koordinasiyası, inkişafı və gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından AMEA-nın müqayisəedilməz rola malik olduğunu söyləyib. Qeyd edib ki, Akademiya Azərbaycan elminin dünya elminə inteqrasiyası ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirib və onların gerçəkləşməsi istiqamətində böyük irəliləyişlərə nail olub. Bu gün AMEA-nın gənc alimlərinin xarici həmkarları ilə birgə tədqiqatlar apardığını deyən F.Salmanov qlobal miqyaslı tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Andrey Kotelnikov, Belarus Milli Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədr müavini Stanislav Yuretski, İstanbul Texniki Universitetinin əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Nedim Gökhan, qazaxıstanlı gənc alim Suxrab Japarov və digərləri çıxış edərək tədbirin birgə araşdırmalar üçün zəmin yaradacağını söyləyiblər.
|
|
04.03.2020 | 14:36 | |
|
|
|