Rektor ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Mayın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gillə görüşüb.

 

K.Abdulla ADU ilə ABŞ səfirliyi arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, bu əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

 

Azərbaycandakı multikultural mühit, müxtəlif xalqlara olan xoş münasibət haqqında danışan rektor qeyd edib ki, ölkəmizdəki multikultural hərəkat, multikulturalizmin Azərbaycan modeli amerikalı dostların da diqqətini cəlb edib: “Amerikalı dostlarımız Azərbaycan multikulturalizmi modelinin yayılmasına öz töhfələrini veriblər. ABŞ-da və başqa ölkələrdə yüksək səviyyəli tədbirlər, konfranslar təşkil edilib. Məhz amerikalı dostlarımızın köməyi ilə biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ filialını yaratdıq”.

 

Multikulturalizm yay və qış məktəbləri haqqında da danışan Kamal Abdulla amerikalı tələbələrin bu məktəbdə aktiv iştirak etdiklərini diqqətə çatdırıb.

 

Rektor K.Abdulla azərbaycanlı və amerikalı alimlərin iştirakı ilə Azərbaycanda və ABŞ-da multikulturalizmlə bağlı “dəyirmi masa”nın keçirilməsini təklif edib.

 

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil qonaqpərvərliyə görə rektor K.Abdullaya təşəkkürünü bildirib. Qeyd edib ki, ADU ilə ABŞ səfirliyi arasında olan münasibətləri çox yüksək qiymətləndirir və əlaqələrin daha da inkişafında maraqlıdırlar. Müvəqqəti işlər vəkili vurğulayıb ki, multikulturalizm ABŞ-ın diqqət göstərdiyi, maraqlandığı sahədir və Azərbaycan multikulturalizmi modeli dünyada çox dəyərli nümunəyə çevrilir.

 

V.Gil azərbaycanlı və amerikalı alimlərin iştirakı ilə Azərbaycanda və ABŞ-da multikulturalizmlə bağlı “dəyirmi masa”nın keçirilməsi təklifini müsbət qarşılayıb, bu istiqamətdə konkret addımlar atmağın zəruri olduğunu vurğulayıb.

 

Önəmli Dil Proqramı (CLS) çərçivəsində ADU ilə əməkdaşlığın xoş olduğunu deyən səfir bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib. 



14.05.2018 | 15:21