Erasmus+proqramının PETRA layihəsi çərçivəsində Təlim-Tədris Mərkəzi istifadəyə verilib

Naxçıvan Dövlət Universiteti (NDU) tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilən  layihə əsasında Avropa İttifaqının Erasmus+proqramının PETRA layihəsinə qoşulub.

 

74 min avro dəyərindəki qrant layihənin tələblərinə uyğun olaraq 2 il ərzində universitet əməkdaşları Macarıstanın Debrecen, Türkiyənin Ankara Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Finlandiyanın Jyvaskala, İspaniyanın Valensiya Politexnik Universitetlərində təcrübə kurslarında olub, qazandıqları təcrübə əsasında universitetdə müəllim və tələbələr üçün seminar-treninqlər keçiblər.

 

2017-2019-cu illəri əhatə edən layihənin sonuncu mərhələsində  NDU-da Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib.

 

Magistratura mərkəzində qurulan mərkəzin açılışında çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, hədəf qrupları müəllimlər, tələbələr və idarəçilər olan layihənin məqsədi tədris və təlimə üstünlük verməkdir. Müəllimlərin pedaqoji və texnoloji ehtiyaclarını fəaliyyətinin bütün mərhələlərində qarşılamaq və tədris, təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi və innovativ texnologiyaların tətbiqi yolunda keyfiyyətli tədrisin təkmilləşdirilməsi və inkişafı layihənin xüsusi məqsədləri sırasında sadalanıb. Rektor mərkəzin fəaliyyətində perspektivləri  dəyərləndirib,  gələcək fəaliyyət istiqamətində mövcud təkliflərin də nəzərə alınacağını vurğulayıb.    

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov layihənin təkcə NDU üçün yox, ümumən muxtar respublika ali məktəbləri üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

 

İspaniyanın Valensiya Politexnik Universitetindən Javier Orozco mərkəzin açılmasından məmnunluğunu ifadə edib. Erasmus+ Key Action tərəfdaşlığı Petra, potensialın artırılması, texnologiya və innovasiyaların istifadəsinin artırılması, tədris və tədqiqata dəstək verilməsi və Avropa ölkələri ilə uzunmüddətli tərəfdaşlıq quraraq, Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsinə yönələn layihənin əhəmiyyətindən bəhs edib.

 

ERASMUS+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov bildirib ki, layihə çərçivəsində yaradılan Təlim–Tədris Mərkəzi  universitet müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

 

Tədbirdə diqqətə çatdırılıb ki, mərkəzin fəaliyyətinə 3 otaq ayrılıb və bu otaqlarda dəyəri 24 min 800 avro məbləğində olan avadanlıqlar quraşdırılıb.  Sonda layihə iştirakçılarına sertifikatlar verilib.

 



03.03.2020 | 11:25