ADNSU-da ilk “DAAD-Alumni Simpoziumu”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Alman Akademik Mübadilə Xidməti (DAAD) təqaüdçülərinin ilk simpoziumu (DAAD-Alumni Symposion) keçirilib.

 

Azərbaycandan olan DAAD təqaüdçüləri ilə tanışlıq və onları bir araya toplayaraq şəbəkələşməni təmin etmək, eləcə də onlarla iş imkanlarını müzakirə etmək məqsədilə keçirilən simpoziumda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Almaniya səfirinin müavini  Andrea Sühl,  Təhsil Nazirliyinin  Beynəlxalq Əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdət Həsənov, həmçinin Avropanın təhsil sahəsində fəaliyyət göstərən nümayəndələri və Azərbaycandan olan DAAD məzunları  iştirak ediblər.

 

ADNSU-nun rektoru, DAAD məzunu professor M.Babanlı Almaniya ilə Azərbaycan arasındakı təhsil əlaqələrindən danışıb və artıq 20 ildir ki, fəaliyyət göstərən DAAD-nin Azərbaycanlı gənclərə yaratdığı imkanlardan söz açıb. DAAD-ın təhsilə verdiyi töhfələri yüksək qiymətləndirən rektor bu proqramın gənclərə böyük dəstək olmaqla yanaşı, həm də Avropa təhsil strukturunun öyrənilməsindəki əhəmiyyətini qeyd edib.

 

Almaniya səfirinin müavini A.Sühl çıxışında DAAD-ın fəaliyyətindən danışıb və təqaüdçülərin şəbəkəsinin yaradılmasını yüksək qiymətləndirərək simpoziumun mühüm əhəmiyyət daşıdığını deyib.

 

Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin sektor müdiri M.Həsənov DAAD ilə Təhsil Nazirliyi arasındakı əlaqələrdən danışıb. Azərbaycanda 400-dən artıq DAAD məzunu olduğunu deyən M.Həsənov həmin gənclərin hazırda bir çox dövlət və özəl müəssisələrdə yüksək vəzifələrdə çalışdıqlarını bildirib. Bu gün də azərbaycanlı gənclərin DAAD-ın imkanlarından faydalandıqlarını deyən M.Həsənov artıq gənclərin Almaniyada doktorantura təhsilinə də cəlb oluna biləcəklərini qeyd edib.

 

DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Hikmət Kamallı DAAD-ın Azərbaycandakı fəaliyyəti haqqında təqdimatla çıxış edərək, təqaüd imkanları və Almaniyada ali təhsil barədə qısa məlumat verib.

 

Sonra DAAD-ın  Bonn Mərkəzindən məzunlarla iş şöbəsinin nümayəndəsi Kristina Şaar və digər ölkələrin nümayəndələrinin “Alumni fəaliyyəti” haqqındakı  məruzələri dinlənilib.

 

Simpoziumun ikinci hissəsində alumnilərin ehtiyacları, birgə fəaliyyət imkanları, həmçinin alumni fəaliyyətinin  hüquqi şərtləri üzrə qruplarla iş aparılıb.

 

Qeyd edək ki, DAAD Almaniya tərəfindən dəstəklənən alman ali təhsil müəssisələrinin birgə qurumudur. Şəbəkə 60-dan çox ölkədə 15 xarici nümayəndəlik, 57 məlumat mərkəzi  və 450-yə yaxın lektor və mütəxəssislərlə  təmin olunur.



02.03.2020 | 17:05