“ADA” Universitetində mühəndislik və robototexnika yarışı başa çatıb

Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı təşkil olunub.  Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib. “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb. Şagirdlər ərsəyə gətirdikləri layihələri  3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində  münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Onlar əyləncəli bir mühitdə  elmi və texnoloji xarakterli problemləri qaldırıb və onların həlli yollarını araşdırmağa cəhd ediblər  Komandaların layihələrinin nümayişinin başa çatmasından sonra  tədbirin rəsmi hissəsi başlayıb. 

 

Təhsil nazirinin müavini Firudin Qurbanov  çıxışında gənclərin inkişafında bu cür intellektual yarışların böyük əhəmiyyət daşıdığını qeyd edib: "Bir çox ölkənin təcrübəsinə baxsaq görərik ki,   intellektual oyunlarla məşğul olan uşaqların mənimsəmə faizləri 35-40 faiz yüksəkdir. Ona görə də bu cür intellektual oyunlarda  iştirak  hər bir şagirdə,  gəncə  gələcəkdə olduqca müsbət təsir göstərəcək, onların formalaşmasında, inkişafında mühüm rol oynayacaq". İntellektual oyunda iştirak edən şagirdlərimizi Təhsil Nazirliyi adından  təbrik edən F.Qurbanov onlara gələcəkdə də bu cür intellektual yarışlarda iştirak etməyi  tövsiyə edərək, uğurlar arzulayıb.

 

Sonra yarışmada 4 ayrı-ayrı  nominasiya  üzrə qalib gələn komandaların adları  açıqlanıb.  Bakıdakı  "İstək" liseyinin komandası  "Robot yarışı",  "Ankara məktəbi" məktəb-liseyinin komandası   "Layihə təqdimatı", 6 nömrəli məktəb-liseyin komandası "Robot dizaynı", akademik Zərifə Əliyeva adına liseyin komandası "Əsas  dəyərlər", Bakı Modern Təhsil Kompleksinin komandası "Mars Akademiya" nominasiyalarında   qalib elan olunublar. Qaliblərə medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib komandalara  isə kuboklar təqdim olunub.

 

Daha sonra Azərbaycanı Estoniyada keçiriləcək beynəlxalq yarışda təmsil edəcək komandanın adı açıqlanıb. Bir günlük mübarizə və həyəcan içində keçən yarışın çempionu adına Bakı Avropa Liseyinin şagirdlərindən Murad Quliyev, Əkbər Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənlidən ibarət “Robo-Sapiens” komandası layiq görülüb.
Beləliklə də Azərbaycanı iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək açıq beynəlxalq turnirdə Bakı Avropa Liseyinin “Robo-Sapiens” komandası təmsil edəcək.

 

Qeyd edək ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir.

 

Oruc MUSTAFAYEV



14.05.2018 | 11:09